27 fevral 2025. Cümə axşamı

Azərbaycan Karate Federasiyası Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində tədbir keçirib


  • Offside
  • 17:21 27.02.2025
  • Oxunma sayı: 36
Azərbaycan Karate Federasiyası Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində tədbir keçirib

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində “Daun xəstəlik deyil, fərqlilikdir” adlı tədbir keçirilib.

Azərbaycan Karate Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən mərkəzin direktoru Natella Həsənova bütün dünyada olduğu kimi, Azərbaycanda da Daun sindromu daşıyıcısı olan yüzlərlə insanın olduğunu bildirib. Qeyd edib ki, həm onlar, həm də valideynləri bir çox problemlə qarşılaşırlar. Direktor bunun əsasən cəmiyyətimizdə Daun sindromu haqqında lazımi biliklərin olmamasından irəli gəldiyini söyləyib.

Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov deyib ki, tədbirin keçirilməsində məqsəd ilk növbədə Daun sindromunun xəstəlik yox, genetik fərqlilik olmasına diqqət çəkmək, mərkəzdə reabilitasiya görən uşaqlarla zaman keçirmək, onların sosiallaşmasında rol oynamaq və cəmiyyətə daha yaxından inteqrasiyasını təmin etməkdir: “Bu gün ölkəmizdə bu qəbildən olan şəxslərə dövlət səviyyəsində qayğı göstərilir. Reabilitasiya mərkəzində Daun sindromlu xəstələr üçün psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, müxtəlif dərnəklər fəaliyyət göstərir. Bu gün isə biz onların görüşünə gəlmişik. Ümid edirik ki, bu görüş davamlı olar”.

Bildirilib ki, Daun sindromlu şəxslərin cəmiyyətə və idman ictimaiyyətinə inteqrasiyası həm onların, həm də cəmiyyətin inkişafı üçün çox vacibdir. Bu, onların sosial bacarıqlarını, özünə inamını və fiziki sağlamlığını gücləndirməklə yanaşı, cəmiyyətin də inklüzivliyini və tolerantlığını artırır.

“Daun sindromlu şəxslər üçün idman fiziki sağlamlıq, motor bacarıqları və koordinasiya baxımından böyük fayda verir. Karate idman növü onların fiziki inkişafına müsbət təsir göstərir. Paralimpiya və parakarate kimi yarışlar onların bacarıqlarını göstərmək üçün ideal platformalardır. İdmanla məşğul olmaq həm də onların özgüvənini artırır və sosiallaşmanı dəstəkləyir. AKF-nin üzvləri arasında da Daun sindromlu idmançılar var və onlar bir çox yarışda böyük nəticələr əldə ediblər”, - qeyd olunub.

Tədbirdə Azərbaycan Karate Federasiyasının sosial layihələrə dəstək verdiyi və gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcəyi vurğulanıb.

Rəsmi çıxışlardan sonra mərkəzin uşaqları tərəfindən oyunlar nümayiş olunub. Eyni zamanda, proqram çərçivəsində uşaqlar üçün bədii əyləncəli oyunlar keçirilməklə yanaşı, idmançılarla mərkəzdə təhsil alan uşaqların karate üzrə nümunəvi çıxışları göstərilib.







Offside