- Offside
- 13:36 03.03.2025
Azərbaycan Şahmat Federasiyası və "Məmmədyarovlar" Şahmat Məktəbinin təşkilatçılığı ilə tanınmış ictimai-siyasi xadim, III, IV, V və VI çağırış Milli Məclisin üzvü olan Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, "Landmark"da baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə start götürüb.
Ardınca Qənirə Paşayevanın fəaliyyət dövrünü əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra çıxış üçün söz Milli Məclisin deputatı Arzu Nağıyeva verilib. İştirakçıları salamlayan siyasi xadim bu cür yarışların keçirilməsinin əhəmiyyətindən danışıb. O, Qənirə Paşayevanın fəaliyyət dövrü ərzində şərəflə xalqına xidmət etdiyini xatırladıb.
Ardınca çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Qənirə Paşayeva ilə bağlı xatirələrini danışıb, gördüyü işlərdən bəhs edib.
Daha sonra Türkiyənin Azərbaycandakı səfirinin təhsil müşaviri Yurdagül Aydağon turnirin ənənəvi hal almasının sevindirici hal olduğunu söyləyib.
Çıxış edənlər arasında yer alan Qənirə Paşayevanın anası Tehran Paşayeva isə yarışın təşkilatçılarına öz minnətdarlığını bildirib.
Ardınca martın 6-dək davam edəcək yarışın püşkatma mərasimi reallaşıb.
Qeyd edək ki, Azərbaycanı turnirdə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Türkan Məmmədyarova təmsil edəcək. Eyni zamanda yarışda Nilufər Yakubbayeva (Özbəkistan), Assel Serikbay (Qazaxıstan), Gülenay Aydın (Türkiyə) və Nurgül Səlimova (Bolqarıstan) da iştirak edəcək.
Turnir rapid və blits üzrə təşkil olunacaq. Qalib hər iki növdə nəticənin cəminə əsasən müəyyənləşəcək.
Mötəbər turnirin baş hakimi Faiq Həsənov olacaq. Turnirin ümumi mükafat fondu 30 000 manat təşkil edir.