- Offside
- 23:07 05.03.2025
4 mart 2025-ci il tarixində Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) üzvlərinin iştirakı ilə Qarabağın bərpası və yenidən qurulmasına, eyni zamanda ianəçiliyin təşviq olunmasına həsr olunan işgüzar görüş keçirilib.
Tədbirdə “AmCham Azərbaycan”-ın 100-dən çox üzvü, o cümlədən bir çox yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər. Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev xüsusi məruzəçi qonaq qismində görüşə qatılıb.
Görüşdə açılış nitqi ilə çıxış edən “AmCham Azərbaycan”-ın əməliyyatlar üzrə direktoru Zaur Kərimov tədbir iştirakçılarını salamlayaraq “AmCham Azərbaycan”ın həyata keçirdiyi və yeni layihələrlə bağlı məlumat verib.
Tədbirdə çıxış edən “AmCham Azərbaycan”-ın prezidenti Dəyanət Sədullayev tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun fəaliyyəti, eləcə də Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq əlaqələri barədə məlumat verib. O, QDF-in işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi töhfələri yüksək qiymətləndirərək, gələcək layihələrdə daha fəal iştirak etmək niyyətində olduqlarını qeyd edib.
Bu əməkdaşlıq sayəsində üzvlərin bərpa layihələri və proseslərlə yerində tanış olma imkanının yarandığını deyən Dəyanət Sədullayev bunun çox gözəl fürsət olduğunu vurğulayıb.
Tədbirdə fəxri qonaq qismində iştirak edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağın dirçəlişi: Azərbaycanın intibah hekayəsi” mövzusunda geniş təqdimatla çıxış edib.
İdarə Heyətinin sədri çıxışında vurğulayıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbə regionda yeni fürsətlər yaradıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə davam etdirildiyini deyən Rəhman Hacıyev yaşayış məntəqələrinin və tarixi abidələrin bərpası, yeni yolların və körpülərin inşası, sənaye müəssisələrinin yaradılması, Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin Qarabağa köçürülməsi və məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən danışıb.
Qeyd olunub ki, Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərimizin bərpası və yenidən qurulması prosesinin sürətləndirilməsi məqsədilə müxtəlif platformalar vasitəsilə fandreyzinq və təşviqat layihələrini icra edir. Belə tədbirlərin keçirilməsi müxtəlif steykholderləri, dövlət qurumlarını və şirkətləri “Qarabağın dirçəlişi” ideyası ətrafında sıx birləşdirməyə, eyni zamanda cəmiyyətdə ianəçilik mədəniyyətini təşviq etməklə mənəvi və milli dəyərlərə sadiqliyini artırmağa öz töhfəsini verir. Bu istiqamətdə “AmCham Azərbaycan”ın üzvləri ilə birgə layihələrin həyata keçirilməsi üçün də yaxşı imkanlar mövcuddur.
İnfrastruktur layihələrinin, təhsilin və sosial təşəbbüslərin dəstəklənməsi üçün dövlət-özəl sektor tərəfdaşlıqlarının gücləndirilməsinin və xeyriyyəçilik fəaliyyətlərinin təşviq edilməsinin əhəmiyyətini vurğulayan Rəhman Hacıyev, yerli və xarici investorları Qarabağın bərpasına və dayanıqlı inkişafının təmin edilməsinə töhfə verməyə çağırıb.
İdarə Heyətinin sədri Rəhman Hacıyev tədbir iştirakçılarına QDF-in donorlarının dəstəyi ilə həyata keçirilən və Fonda ianələrin cəlb edilməsinə xidmət edən yekunlaşan, eyni zamanda hazırda davam edən digər layihələr barədə ətraflı məlumat təqdim edib.
Çıxışından sonra Rəhman Hacıyev tədbir iştirakçılarının suallarını cavablandırıb və Qarabağın bərpasına yönəlmiş layihələrdə mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Tədbirin sonunda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevə “AmCham Azərbaycan” tərəfindən xüsusi təşəkkür mükafatı təqdim edilib.
Qeyd edək ki, tədbirdə işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Faciədən Zəfərə” adlı fotosərgi də nümayiş olunub.