- Offside
- 16:12 06.03.2025
İctimai-siyasi xadim Qənirə Paşayevanın xatirəsinə həsr olunan qadınlararası beynəlxalq şahmat turnirinin bağlanış mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, tədbir iştirakçıları Qənirə Paşayeva ilə bağlı xatirələrini bölüşüblər, onun jurnalist, deputat, ictimai xadim kimi keyfiyyətlərindən bəhs ediblər.
Çıxışlar zamanı Qənirə Paşayevanın həyat və fəaliyyətinə olan dərin hörmət və ehtiram xüsusi vurğulanıb.
Beynəlxalq Avrasiya Araşdırmaları İctimai Birliyinin rəhbəri Kəmalə Paşayeva bacısının həm də güclü şahmat həvəskarı olduğunu bildirib: "Gəncliyində onu məşhur şahmatçılara bənzədirdilər. Şahmatı çox sevirdi. Ona görə də bu turnir, burada qalib gələn qadınların uğuru onun ruhunu şad edəcək".
Sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, turnirin baş hakimi Faiq Həsənov yarışla bağlı təəssüratlarını bölüşüb: "Tarixi bir bağlanış mərasimi oldu. Gələcəkdə hər kəs bu yarışın ilk dəfə harada təşkil edildiyini xatırlayacaq.”
Sonda Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq turnirin qalibləri mükafatlandırılıb. Rapid və blits üzrə təşkil edilən yarışın yekun nəticəsində Bolqarıstan təmsilçisi Nurgül Səlimova 25 xalla birinci yerə layiq görülüb. İki yarışın cəmində 22 xal toplayan Xanım Balacayeva ikinci yeri tutub. İlk “üçlüy”ü 20 xalla Gövhər Beydullayeva tamamlayıb.