9 mart 2025. Bazar günü

Şahin Bağırov III MDB Oyunlarında mübarizə aparacaq yığmalarla görüşüb


  • Offside
  • 13:00 08.03.2025
  • Oxunma sayı: 47
Şahin Bağırov III MDB Oyunlarında mübarizə aparacaq yığmalarla görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov III MDB Oyunlarında mübarizə aparacaq qızlardan və oğlanlardan ibarət yığma komandalarla görüşüb.

90deqiqe.Az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə AVF rəsmiləri, komandaların oyunçuları, məşqçilər heyəti və digər əməkdaşlar iştirak ediblər.

Ş.Bağırov ilk olaraq qızlardan ibarət yığmamızın oyunçularını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Bildirib ki, ölkə idmanı tarixində qadın idmançıların əvəzsiz xidmətləri var. O, Azərbaycan voleybolunun Avropa və dünya miqyasında əldə etdiyi nailiyyətlərin əksəriyyətinin də məhz qadın voleybolçularımızın adı ilə bağlı olduğunu bildirib.

AVF rəhbəri, həmçinin qadınlardan ibarət əsas millimizin voleybolçularını, ölkə çempionatında çıxış edən yerli və xarici qadın oyunçuları, veteran voleybolçuları və federasiyanın xanım əməkdaşlarını da 8 mart münasibətilə təbrik edib.

Sonra ölkəmizdə keçiriləcək III MDB Oyunlarından danışan prezident belə mötəbər yarışda voleybolun da yer almasını bu idman növünün populyarlığının, ona marağın yüksək olmasının göstəricisi kimi dəyərləndirib. Ölkəmizdə voleybolun böyük ənənələrinin olduğunu deyən federasiya rəhbəri hər iki komandamızın yarışda uğurlu çıxışına inamını ifadə edib.

Daha sonra hazırlıq prosesi ilə tanış olan Ş.Bağırov hər iki komandada çıxış edən idmançıların valideynləri ilə də görüşüb. Federasiya prezidenti valideynlərə övladlarına dəstək olduqlarına görə təşəkkürünü bildirib və komandalarımıza uğurlar arzulayıb.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabr tarixlərində Gəncə, eləcə də Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndi şəhərlərində 23 idman növü üzrə keçiriləcək. Voleybol oyunları Gəncədə təşkil olunacaq.







Offside