- Offside
- 15:03 18.03.2025
Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) illik beynəlxalq vorkşopu İsveçrənin Lozanna şəhərində yüksək səviyyədə keçirilib.
AMADA-nın mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə antidopinq sahəsində ən yeni innovasiyalar, qabaqcıl təcrübələr və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Dünyanın müxtəlif ölkələrindən antidopinq ekspertləri, mütəxəssislər və tədqiqatçılar təmiz idmanın təşviqi və ədalətli rəqabət mühitinin qorunması üçün görüşərək gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdiriblər.
Tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyini (AMADA) icraçı direktor Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
AMADA-nın aparıcı əməkdaşı Qüdrət Səfərov tədbirin əsas sessiyalarından biri olan "Antidopinq təhsilində və idmançıların fəaliyyətində süni intellektin tətbiqi" mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı Q.Səfərov antidopinq təhsilində generativ süni intellekt texnologiyalarının əhəmiyyətindən danışıb. O, təhsil materiallarının hazırlanması, interaktiv söhbət botları və data analitikasının tətbiqi ilə idmançıların effektiv maarifləndirilməsi istiqamətində AMADA-nın təcrübələrini bölüşüb.
Eyni paneldə Q.Səfərov ilə yanaşı, Norveç İdman Elmləri Məktəbi və KU Leuven Universitetinin doktorantı Niko Topias Vuorinen, həmçinin Köln İdman Universiteti Biokimya İnstitutunun Köln Atlet Pasportu İdarəetmə Bölməsinin direktoru Tomas Piper də iştirak ediblər. Vuorinen süni intellekt texnologiyalarının antidopinq sahəsində tətbiqi ilə bağlı fəlsəfi və etik perspektivləri təqdim edib, süni intellektdən istifadə zamanı yarana biləcək etik çətinliklərə diqqət çəkib. T.Piper isə Atletlərin Bioloji Pasport məlumatlarının analizində maşın öyrənməsi alqoritmlərinin tətbiqi ilə dopinq halları aşkarlama imkanları barədə danışıb.
Vorkşop müddətində Ümümdünya Antidopinq Məcəlləsinin yenilənməsi, yarış müddətində həyata keçirilən test prosedurları və antidopinq təşkilatlarında idmançıların iştirakının artırılması məsələləri də geniş müzakirə edilib. Sonda antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, həmçinin Avropada və dünyada təmiz idmanın təşviqi üçün strateji addımlar müəyyənləşdirilib.
Tədbir iNADO-nun baş icraçı direktoru Peter Van de Vlietin yekun nitqi ilə başa çatıb. Van de Vliet antidopinq sahəsində beynəlxalq əməkdaşlığın və innovativ yanaşmaların əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, antidopinq təşkilatları arasında davamlı dialoq, yeni problemlərə çevik və effektiv cavab verə bilmələri üçün zəruridir. O, iştirakçılara fəal iştiraklarına görə təşəkkürünü bildirib və iNADO-nun qlobal səviyyədə idmanın şəffaflığının və dürüstlüyünün qorunmasına olan davamlı sadiqliyini vurğulayıb.