- Offside
- 22:00 13.06.2025
Müxtəlif yaş qrupları üzrə Azərbaycanın güləş yığmalarının qarşıdan gələn mühüm yarışlara hazırlığı intensiv formada davam edir.
Federasiyadan 90deqiqe.Az-a bildirilib ki, yunan-Roma güləşi üzrə böyüklərdən ibarət milli Vladiqafqazda təlim-məşq toplanışı keçir. U-20 yığması isə Antalyada keçirilən “Çempionlar” turnirində çıxışını başa vurduqdan sonra fasilə vermədən növbəti hazırlıq prosesinə start verib.
Komanda mayın 11-dən 24-dək Qax Olimpiya İdman Kompleksində toplanış keçəcək. Növbəti toplanış isə mayın 27-dən iyunun 9-dək isə Xaçmaz Olimpiya İdman Kompleksində baş tutacaq.
Eyni yaş qrupunda sərbəst güləşçilər də Qaxa yollanacaq. Ancaq bu növ üzrə U-20 millisi bölgə toplanışı mayın 28-dən iyunun 11-dək olan müddəti əhatə edir. Buna qədər məşqlər Bakıda keçiriləcək.
Böyüklərdən ibarət sərbəst güləş yığmamız mayın 14-də Quba Olimpiya İdman Kompleksində növbəti təlim-məşq toplanışına başlayacaq. İki həftə davam edəcək hazırlıq prosesində Türkiyə seçməsi də iştirak edəcək.
Qadın güləşçilərimiz iki qrupa bölünüb. U20 və böyüklərdən ibarət heyət Quba Olimpiya İdman Kompleksində, U-15 və U-17 kollektivlərimiz Abşeron Olimpiya İdman Kompleksində məskunlaşıb. Hər iki toplanış mayın 11-dən 24-dək davam edəcək.
Sərbəst güləş üzrə U-17 millisi isə mayın 7-dən Xaçmaz Olimpiya İdman Kompleksində toplanışdadır. Özbəkistanın müvafiq komandası ilə birgə keçirilən hazırlıq prosesi ayın 21-də yekunlaşacaq.