- Offside
- 16:48 18.06.2025
Dörd qat Olimpiya çempionu və 14 qat dünya çempionu olan norveçli xizəkçi Tereza Yohauq idman karyerası ilə bağlı vacib qərarını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, tanınmış idmançı 2025/2026 mövsümündə yarışmayacağını və 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etməyəcəyini bildirib.
36 yaşlı Yohauq bu barədə sosial şəbəkələrdəki şəxsi hesabında paylaşım edib:
“Olimpiadada iştirak etməmək qərarına gəldim. Bu qış komandaya qayıtmaq mənim üçün əsl macəra oldu. Xizək sürməyi hələ də sevirəm, amma ailəmlə daha çox vaxt keçirməyə güclü ehtiyac hiss edirəm. Komandanı kənardan dəstəkləməyi səbirsizliklə gözləyirəm və dönüşümə dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Ərimə xüsusi təşəkkür edirəm – sən olmasaydın, bu mümkün olmazdı”.
Yohauq 2022-ci ildə idmandan təqaüdə çıxmışdı. Lakin vətəni Norveçin Trondheim şəhərində keçiriləcək 2025 Dünya Çempionatı naminə 2024-cü ildə yarışlara geri dönmüşdü. Geri dönüşü gözlənildiyi qədər uğurlu alınmayıb – təcrübəli idmançı dünya çempionatında qızıl medal qazana bilməyib.
Tereza Yohauq dünya xizəksürmə tarixinin ən titullu idmançılarından biri sayılır və onun idmana verdiyi töhfələr azarkeşlər və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.