- Offside
- 23:24 05.12.2025
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının 53 saylı (Gəncə İdman Sarayı) yeni ərazi partiya təşkilatı təsis edilib.
90deqiqe.Az-ın məlumatına görə, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanmasından, yeni-yeni hədəflərin reallığa çevrilməsi istiqamətində atdığı addımlardan bəhs edib. Yeni təsis edilən ərazi partiya təşkilatına gələcək fəaliyyətinə uğurlar arzulayan Bayram Aslanov bildirib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.
İclasda çıxaş edənlər bildiriblər ki, YAP yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiya olduğunu öz fəaliyyəti ilə sübuta yetirib. Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bu gün böyük gücə çevrilib.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. “Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov yekdilliklə 53 saylı ərazi partiya təşkilatının sədri, klubun idman direktoru İbrahim Qarayev isə sədr müavini seçilib.
Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.