- Offside
- 22:41 19.06.2025
Milli Basketbol Assosiasiyasının (NBA) komissarı Adam Silver 2026-cı ildən etibarən Ulduzlar Oyununun formatında ciddi dəyişiklik ediləcəyini rəsmən elan edib.
90deqiqe.Az-ın məlumatına görə, yeni formata əsasən, ənənəvi Şərq-Qərb qarşılaşması yerinə, artıq “ABŞ yığması” və “Dünya yığması” üz-üzə gələcək.
Silver bu açıqlamanı "NBC" kanalında yayımlanan "Breakfast Ball" proqramında verib:
“Gələn ildən etibarən NBA Ulduzlar Oyunu yenidən "NBC"də yayımlanacaq — bizim uşaqlığımızda bu matçları seyr etdiyimiz eyni kanalda. Həm də təsadüfi deyil ki, bu tarix Qış Olimpiya Oyunlarına təsadüf edir. Ulduzlar Oyunu "NBC"də efirə gedəcək, ondan əvvəl və sonra isə olimpiya yarışları yayımlanacaq. ABŞ və Dünya komandaları formatını təqdim etmək üçün bundan daha əlverişli an ola bilməzdi.”
Yeni formatın dəqiq strukturunun hələ formalaşmadığını bildirən Silver, mövcud beynəlxalq təcrübələrə — xüsusilə NHL-in uğurlu tətbiqatına — istinad etdiklərini qeyd edib:
“Format üzərində düşünürük. NHL bu məsələdə maraqlı və uğurlu bir nümunə göstərib. Özümüzə məxsus bir yanaşma da yarada bilərdik, lakin oyunçuların ədalətli bölgüsü məsələsində 30%-ə qarşı 70% nisbəti bəzi suallar doğurur. Hazırda bu məsələləri diqqətlə araşdırırıq.”
Bu dəyişiklik NBA-nın beynəlxalq brend dəyərini artırmaq və qlobal azarkeş bazasına daha güclü şəkildə inteqrasiya olmaq məqsədi daşıyır.
NBA tarixində ilk dəfə ABŞ və beynəlxalq oyunçular rəsmi olaraq ayrı-ayrı komandalar tərkibində Ulduzlar Oyununa çıxacaqlar. Bu, liqanın beynəlmiləlləşməsini daha da ön plana çıxaran strateji addım kimi qiymətləndirilir.