- Offside
- 12:21 14.06.2025
Bölgələrdə yeni güləş zallarının istifadəyə verilməsi intensiv hal alıb.
90deqiqe.Az xəbər verir ki, bu idman növünün son illər populyarlıq qazandığı rayonlardan biri də Göyçaydır. Mərkəzi Aran rayonunda 3 güləş zalının açılışı olub.
Göyçay şəhərində həm yunan-Roma, həm də sərbəst güləş üzrə zal fəaliyyətə başlayıb. Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən yunan-Roma güləşi zalında əməkdar məşqçilər Namət Şirinovla Kamran Baxışov, həmçinin məşqçilər Əkbər Məmmədli və Cəlal Miriyevin rəhbərliyi altında 70 yeniyetmə və gənc məşqlərə cəlb edilib. Heydər Əliyev prospektində yerləşən sərbəst güləş zalında isə məşqçilər Niyazi Əhmədov, Kamran Nuriyev və Coşqun Əsgərlinin rəhbərliyi altında 80 idmançı müntəzəm olaraq təlim-məşq prosesində iştirak edir.
Rayonun Bığır kəndində yerləşən 1 saylı məktəbin idman zalı da güləşçilərin ixtiyarına verilib. Əməkdar məşqçilər Namət Şirinov, Kamran Baxışov, məşqçilər Xamran Seyidov, Əkbər Məmmədli və Cəlal Miriyev yunan-Roma güləşi üzrə məşqlər keçir. Bu idman mərkəzində 130-dan artıq yeniyetmə və gənc güləşin sirlərinə yiyələnir.
Azərbaycan Güləş Federasiyası tərəfindən inventarla təmin edilmiş hər 3 güləş zalında məşqlər ödənişsizdir. Bu da regionda kütləviliyi artıran əsas səbəbdir.
Qeyd edək ki, bölgələrdə güləş infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək.