1 fevral 2026. Bazar günü

Azərbaycan Üzgüçülük Federasiyası 4 illik inkişaf strategiyasını təqdim edib


  • Offside
  • 11:52 22.07.2025
  • Oxunma sayı: 152
Azərbaycan Üzgüçülük Federasiyası 4 illik inkişaf strategiyasını təqdim edib

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) yeni inkişaf strategiyası növbəti 4 ili əhatə edir.

90deqiqe.Az xəbər verir ki, bu barədə federasiya prezidenti Zaur Əliyev qurumun konfransında məlumat verib.

Zaur Əliyev bildirib ki, strategiya dörd əsas istiqamət üzrə qurulub: Azərbaycanda üzgüçülüyün inkişafı, bu idman növünün kütləviləşdirilməsi, beynəlxalq yarışlarda uğurlu iştirak və medal qazanılması. Federasiya rəhbəri xüsusilə məktəblilərin prosesə daha çox cəlb olunmasının hədəfləndiyini qeyd edib:

"Bu, tam şəkildə könüllülük prinsipi əsasında həyata keçiriləcək. Eyni zamanda həvəskar üzgüçülər arasında yarışlar və festivallar keçirmək, ictimai marağı artırmaq istəyirik."

Federasiya rəhbəri təşkilatın adında dəyişiklik edilməsinin gündəmdə olmadığını da bildirib:

"Başqa ölkələrin təcrübəsini öyrəndik. Əksər ölkələrdə ad 'Üzgüçülük Federasiyası' olaraq qalır. Bu səbəbdən dəyişiklik edilməsinə ehtiyac duymadıq. Gələcəkdə belə bir ehtiyac yaranarsa, baxıla bilər."

Zaur Əliyev çıxışında su polosu yığmasında baş məşqçi dəyişikliyinə də toxunub. O bildirib ki, hazırkı əcnəbi məşqçi ilə yollar ayrılıb və yeni məşqçi yenə xaricdən dəvət olunacaq:
"Yaxın günlərdə əməkdaşlarımız Xorvatiyaya səfər edəcək. Həmin ölkənin bu sahədəki təcrübəsindən faydalanmaq istəyirik və uyğun namizəd üzərində işlər davam edir."

Bununla yanaşı, o, üzgüçülüyün təbliği və təhlükəsizlik məsələlərinə də diqqət çəkib.
"Təəssüf ki, üzə bilməyən gənclər dənizdə qəhrəmanlıq göstərmək istəyərkən həyatlarını itirirlər. Bu, ciddi problemdir. Sosial şəbəkələrdə təbliğat işləri aparacağıq, lakin bu işdə digər qurumların da rolu vacibdir. Məktəblərdə təbliğata başlanacaq və uşaqlara üzmə bacarığının öyrədilməsi üçün addımlar atılır. Bu sahədə Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq da aparılır."

Zaur Əliyev əlavə edib ki, üzgüçülük üzrə milli komandada hazırda dəyişiklik nəzərdə tutulmur və məşqçi Rəşad müəllim işini uğurla davam etdirir.







Offside