- Offside
- 23:30 04.12.2025
Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Ümüd Qasımzadənin əziz xatirəsinə həsr olunmuş ağırlıqqaldırma yarışı təşkil edilib.
90deqiqe.Az xəbər verir ki, yarış Göytəpə şəhərində yerləşən Vasif Hüseynov adına 2 saylı tam orta məktəbin idman zalında baş tutub.
Turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi ilə Ümüd Qasımzadə adına Ağır Atletika İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilib. Yarışda rayonun müxtəlif məktəblərindən və idman klublarından olan gənc atletlər iştirak ediblər.
Gərgin və maraqlı keçən mübarizənin nəticələrinə əsasən qaliblər diplom və medallarla təltif olunublar. Tədbirin sonunda iştirakçılar və təşkilatçılar şəhid Ümüd Qasımzadənin məzarını ziyarət edərək, onun ruhuna ehtiramlarını ifadə ediblər.
Qeyd edək ki, Ümüd Qasımzadə 2001-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Uşaq yaşlarından ağırlıqqaldırma ilə məşğul olan Ümüd 2019 və 2020-ci illərdə gənclər arasında keçirilən Azərbaycan çempionatlarında gümüş medal qazanıb.
Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Ümüd Qasımzadə 2020-ci il oktyabrın 13-də qəhrəmancasına şəhid olub və doğulduğu Cəlilabad rayonunda dəfn edilib.
Şəhid Ümüd Qasımzadə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.