5 dekabr 2025. Cümə

Qarabağ Dirçəliş Fondu “Rebuild Karabakh - 2025” sərgisində uğurla iştirak edib


  • Offside
  • 13:38 17.10.2025
  • Oxunma sayı: 127
Qarabağ Dirçəliş Fondu “Rebuild Karabakh - 2025” sərgisində uğurla iştirak edib

14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 5-ci yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh – 2025”) yekunlaşıb.

Qarabağ Dirçəliş Fondu (QDF) artıq beşinci dəfə qatıldığı sərgidə uğurla iştirak edib.

Qarabağ Dirçəliş Fondunun stendini ziyarət edən qonaqlara Fondun fəaliyyəti, işğaldan azad edilmiş ərazilərdə icra olunan və maliyyə dəstəyi göstərilən layihələr, eləcə də həyata keçirilən müxtəlif təşəbbüslər barədə ətraflı məlumat təqdim edilib. Ziyarətçilərə, həmçinin Fondun fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub.

Bir neçə ildir Fondun stendində ziyarətçilərin böyük marağına səbəb olan “Qarabağın inciləri” pazl oyunu bu il də təqdim olunub. Müxtəlif yaş qruplarından olan iştirakçılar arasında xüsusi rəğbət qazanan oyunun sonunda ən çox xal toplayan 30 nəfərə sülhü və dayanıqlılığı təcəssüm etdirən Zeytun tingi hədiyyə edilib.

Qeyd edək ki, Fondun əsas stendi ilə yanaşı Bakı Ekspo Mərkəzinin foyesində işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasına diqqət çəkmək və ağacəkmə aksiyalarını təşviq etmək məqsədilə quraşdırılan xüsusi stendə də böyük maraq olub. Stenddə ziyarətçilər işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Faciədən Zəfərə” fotosərgisi ilə tanış olmaqla yanaşı, Fonda ianə edərək Zəfər Gününə həsr edilən xüsusi “Zəfər ianə sertifikatı” əldə ediblər.

Sərgi çərçivəsində “Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli” və “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzularında panel müzakirələri təşkil olunub. Müzakirələrdə işğaldan azad edilmiş ərazilərin inkişafı, bu istiqamətdə gələcək mərhələdə qarşıya çıxan əsas çağırışlar, Qarabağda intellektual ekosistemin qurulması, eləcə də Qarabağın azad edilməsi və bərpa olunması mövzularının yerli və qlobal auditoriya üçün anlaşılan, təsirli və zəngin məzmunlu bir narrativ çərçivəsində təqdim edilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.







Offside