- Offside
- 23:30 04.12.2025
İdman sevgisini illərdir qoruyub saxlayan Qərbi Azərbaycanın Ağbaba mahalından olan Adil Yusubov növbəti dəfə fəxarət doğuracaq bir uğura imza atıb. O, noyabrın 2-də İstanbulda keçirilən beynəlxalq marafonda başının üzərində Azərbaycan bayrağını dalğalandıraraq iştirak edib.
1961-ci ildə Qərbi Azərbaycanın Ağbaba mahalının İlanlı kəndində dünyaya gələn Adil müəllim uşaqlıq illərindən idmana böyük maraq göstərib. Sürətli qaçışı və topa olan istedadı ilə seçilən gənc Adil elə yeniyetməlik dövründə rayon birinciliyində qalib gəlib. Həmin oyun onun üçün unudulmaz olub – Amasiya rayonunda ermənilərlə keçirilən matçda komandasının 3 qolunun hamısını vuraraq qalibiyyət qazandırıb. Bu da ermənilərin qəzəbinə səbəb olub və qarşılaşma qarşıdurma ilə yekunlaşıb.
Sonradan o, Rusiya Federasiyasının Tomsk şəhərindəki Bədən Tərbiyəsi İnstitutuna daxil olub və burada təhsil almaqla yanaşı, futbol karyerasını da davam etdirib. 9 nömrəli hücumçu kimi çıxış edən Adil Yusubov beş il ərzində təxminən 100 qol vuraraq komandasının aparıcı oyunçularından birinə çevrilib.
1989-cu ildə Bakıya qayıdan Adil müəllim hazırda Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Bədən tərbiyəsi rəhbəri kimi fəaliyyət göstərir. Eyni zamanda, o, 15 saylı Yasamal birinci seçki dairəsində Dairə Seçki Komissiyasının üzvüdür. Fəaliyyəti çox olmasına baxmayaraq, o, idmanı heç vaxt həyatından ayırmayıb, gənclərə futbolun sirlərini öyrətməklə yanaşı, özünü də daima formada saxlayır.
Paytaxtda keçirilən bütün marafonlarda iştirak edən Adil müəllim 5 kilometrlik məsafə üzrə yaşıdları arasında ikinci yerə də layiq görülüb. İstanbul marafonundakı çıxışı isə onun idman sevgisinin növbəti sübutu olub.
Adil müəllim yarış barədə təəssüratlarını belə bölüşüb:
“Mən başımın üstündə üçrəngli bayrağı qaldıranda gücümə güc qatılır, nəfəsim açılır, sürətim artır. Axı o bayraq Qalib bayraqdır. İnşallah, bir gün bu bayraq Qərbi Azərbaycanda – doğma Ağbabada dalğalanacaq. Ən böyük arzum marafonda dalğalandırdığım bayrağı babalarımızın uyuduğu Bozqala kəndinin dağ başına sancmaqdır.”
Marafonda Adil müəllimi səs-küylə ruhlandıranlardan biri də onun yaxın dostu Fuad olub.
Ağbabalı köhlənə – Adil müəllimə yeni marafonlarda daha böyük uğurlar arzulayırıq!