- Offside
- 23:30 04.12.2025
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) mətbuat konfransı keçirib.
90deqiqe.Az-ın məlumatına görə, tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, AKAF-ın baş katibi Fərhad Əliyev və Qlobal Kanal Avarçəkmə Aksiyasının səlahiyyətli nümayəndəsi Ken Li iştirak ediblər.
Toplantının əvvəlində rəsmilər media nümayəndələrini salamlayaraq, Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə xalqı təbrik ediblər. Onlar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı 44 günlük Zəfərin əhəmiyyətinə toxunublar.
Ken Li çıxışı zamanı ötən il Bakıda COP29 ərəfəsində keçirilən “Təmiz suda avar çək” aksiyasından danışıb. O, bildirib ki, layihənin məqsədi ekoloji problemlərə diqqət çəkmək və təmiz su resurslarının qorunmasına dəstək verməkdir. Aksiya bu il COP30 çərçivəsində Braziliyanın Belem şəhərində davam etdiriləcək.
Tədbirdə, həmçinin federasiyanın 2025-ci il üzrə fəaliyyət nəticələri açıqlanıb. Bildirilib ki, AKAF tərəfindən “Mingəçevir Reqatası” və “Prezident Kuboku” kimi beynəlxalq yarışlar təşkil olunub. Bu yarışların bir hissəsi Qarabağda – Füzulidə Köndələnçay və Ağdərədə Suqovuşan su anbarlarında keçirilib.
Azərbaycan avarçəkənləri ötən mövsüm müxtəlif beynəlxalq turnirlərdə 8 qızıl, 17 gümüş və 17 bürünc medal olmaqla, ümumilikdə 42 medal qazanıblar.
Mətbuat konfransının sonunda Xəzər dənizində 100-dən çox avarçəkənin iştirakı ilə kayak, kanoe, akademik və draqon qayıqları üzrə nümayiş çıxışları təqdim olunub.