- Offside
- 23:30 04.12.2025
MLS çempionatın keçirilmə formatında dəyişiklik edərək “payız–yaz” sisteminə keçdiyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 2027-ci ilin yayından etibarən MLS bu formata keçəcək. Bildirilib ki, bu addım liqa tarixinin ən əhəmiyyətli qərarlarından biri olacaq. Hazırda MLS oyunçular assosiasiyası ilə keçid planının yekunlaşdırılması üzərində işi davam etdirir.
Yeni sistemə uyğun olaraq liqa dünya futbolu elementləri ilə Şimali Amerikanın idman ənənələrini birləşdirən yeni formatlı müntəzəm çempionatı təqdim edəcək. Eyni zamanda MLS-in pley-off qaydalarında da müəyyən dəyişikliklərin edilməsi müzakirə olunur, lakin bu istiqamətdə hələ son qərar qəbul edilməyib.
Təqvim dəyişikliyi və müntəzəm çempionatın yeni strukturu ötən gün Florida ştatının Palm-Biç şəhərində keçirilən MLS İdarə Heyətinin iclasında təsdiqlənib.
“Cədvəlimizin dünyanın aparıcı liqaları ilə uyğunlaşdırılması klublarımızın qlobal rəqabət qabiliyyətini artıracaq, transfer bazarında daha yaxşı imkanlar yaradacaq və MLS pley-off prosesinin dayanıqlığını təmin edəcək. Bu qərar liqamız və Şimali Amerika futbolu üçün yeni dövrün başlanğıcıdır”, – deyə MLS rəsmi açıqlamasında qeyd edib.