5 dekabr 2025. Cümə

Azərbaycan İdman Akademiyasında III Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb


  • Offside
  • 11:07 27.11.2025
  • Oxunma sayı: 125
Azərbaycan İdman Akademiyasında III Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb

Azərbaycan İdman Akademiyasının (ASA) təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə “Müasir idman təhsili: Yeni paradiqmalar axtarışında” mövzusunda III Beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, tədbir Vətən müharibəsində qazanılan Qələbənin 5-ci ildönümünə və ASA-nın 95 illik yubileyinə həsr olunub.

Açılış Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Akademiyanın rektoru Rauf Hacıyev çıxışında konfransdan gözləntilərin böyük olduğunu vurğulayıb. O bildirib ki, iki gün davam edəcək müzakirələrin nəticələri idman təhsilində yeni inkişaf mərhələsinin formalaşmasına təkan verəcək.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva müasir dövrdə idmanın təhsildən tutmuş tibb, psixologiya və texnologiyaya qədər bir çox sahəyə təsirinin artdığını qeyd edib.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu çıxışı zamanı son 4 il ərzində ASA ilə formalaşan əməkdaşlığın həm elmi-tədqiqat, həm də idman istiqamətində ciddi nəticələr verdiyini söyləyib.

ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva beynəlxalq təcrübənin tətbiqi və gənclərin inkişafı üçün geniş imkanların yaradılmasının akademiyanın əsas prioritetlərindən biri olduğunu bildirib.

Konfrans çərçivəsində idmanda kütləviliyin artırılması, sağlam həyat tərzinin təşviqi, idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi və idman fəaliyyətlərinin səmərəli təşkili mövzularında məruzələr təqdim olunacaq.

Tədbirin əsas məqsədi idman sahəsində peşəkar təhsilin mövcud vəziyyətini təhlil etmək, problemləri müəyyənləşdirmək və beynəlxalq təcrübəyə əsaslanan inkişaf istiqamətlərini müzakirə etməkdir.







Offside