- Offside
- 23:30 04.12.2025
"Neftçi"yə uyğunlaşdım, buradakı mübarizəmi davam etdirəcəyəm"
90deqiqe.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin hücumçusu Vensan Abubakar Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şenerə verdiyi müsahibəsində deyib.
Kamerunlu forvard, komandasına uyğunlaşma prosesini artıq geridə qoyduğunu bildirib: "Artıq bu komandaya uyğunlaşmışam, adaptasiya mərhələsini geridə qoymuşam," - deyə vurğulayıb.
Afrikalı ulduz, “Neftçi”yə kömək etmək üçün əlindən gələni edəcəyini bildirib: “Əvvəlki komandalarımda necə mübarizə aparmışamsa, burada da var gücümlə çalışacağam.”
Abubakar, "Neftçi"yə keçməzdən əvvəl bir neçə nəfərlə məsləhətləşdiyini və komanda haqqında yalnız yaxşı rəylər eşitdiyini söyləyib: “Komanda haqqında mənə çox yaxşı sözlər dedilər, böyük klub olduğunu bildirdilər. “Neftçi”nin baş icraçı direktoru Cenk Sümeri isə "Beşiktaş"dan tanıyırdım. Bu faktor qərarımı asanlaşdırdı.”
Misli Premyer Liqasını və Azərbaycanda futbol mühiti haqqında da fikirlərini bölüşən Abubakar, ölkəni çox bəyənmədiyini vurğulayıb: “Çempionat kənardan asan görünsə də, belə deyil. Çətin liqadır. Azərbaycana gəlincə, çox gözəl ölkədir. Türkiyədən fərqli tərəfləri var. Bu ölkə haqqında yalnız xoş sözlər deyə bilərəm. Məsələn, burada futbolçulara böyük hörmətlə yanaşılır. “Neftçi” çox yaxşı təşkilatlanmış komandadır, burada hər şey yüksək səviyyədədir.”
Qeyd edək ki, bu ilin oktyabr ayında "Neftçi"yə transfer olan Vensan Abubakar Bakı klubu ilə 1+1 illik müqavilə imzalayıb.