- Offside
- 23:17 09.12.2025
Bu gün Xankəndidə XI Vüqar Həşimov Memorialının açılış mərasimi baş tutub.
90deqiqe.Az xəbər verir ki, tədbirdə Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, turnir iştirakçıları və digər qonaqlar iştirak ediblər. Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra Vüqar Həşimov Memorialına həsr olunmuş videoçarx nümayiş olunub.
Yarışın direktoru Anar Allahverdiyev turnirlə bağlı iştirakçılara ətraflı məlumat verib. Ardınca Azərbaycan Prezidentinin Xocalı və Xankəndi şəhərləri üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edərək yarışın əhəmiyyətindən, şahmatın və idmanın ölkədə inkişafına verdiyi töhfədən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxışında yarış iştirakçılarına təşəkkür edib, Şuşada və Xankəndidə keçirilən beynəlxalq turnirlərin əhəmiyyətini vurğulayıb. O, Memorialın həm ölkə daxilində, həm də beynəlxalq arenada böyük nüfuza malik olduğunu bildirib.
Daha sonra Vüqar Həşimov Memorialının banisi Qasım Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onun həyatına həsr olunan video nümayiş etdirilib.
Təşkilat Komitəsinin sədri Sərxan Həşimov turnirin Xankəndidə keçirilməsinin önəmini vurğulayaraq Memorialı açıq elan edib. Baş hakim Rauf Hacılı isə yarışın formatı və reqlamenti barədə məlumat verib.
Qeyd edək ki, XI Vüqar Həşimov Memorialı dekabrın 11-dək davam edəcək.