- Offside
- 21:17 11.12.2025
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində boks üzrə dünya çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan millisinin 3 idmançısı raundu qələbə ilə başa vurub.
Sübhan Mamedov (48 kiloqram) Şodiyorjon Melikuzyevdən (Özbəkistan) güclü olub. Avropa çempionumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Sahil Alahverdovi (Gürcüstan) ilə döyüşəcək.
Alfonso Dominqes (92 kiloqram) də 1/4 finaldan qalib ayrılıb. Dünya çempionumuz Andrey Zaplitnini (Moldova) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Dominqes növbəti görüşündə Turabek Xabibullayevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.
Məhəmməd Abdullayev (+92 kiloqram) isə Dovlet İslamov (Türkmənistan) üzərində qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Dünya çempionatının mükafatçısı yarımfinalda David Surovu (Rusiya) sınağa çəkəcək.
Hər 3 boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı təmin edib.
Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.