- Offside
- 23:36 15.12.2025
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasının sonuna qədər Azərbaycanda çalışmağa hazır olduğunu açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 53 yaşlı mütəxəssis bunu jurnalistlərə verdiyi açıqlamada deyib. O bildirib ki, hazırda həm ruhən, həm də şəxsi baxımdan Azərbaycan ona daha yaxındır:
“Hazırda həm ruhuma, həm də özümə Azərbaycan daha yaxındır. Bakını çox sevirəm. Düşünürəm ki, mənim üçün əvəzolunmazdır. Gördüyüm işlər fayda verəcəksə, karyeramın sonuna qədər Azərbaycanda çalışmağa hazıram”.
Qurbanov yeni transferlərlə bağlı da danışıb. Onun sözlərinə görə, hər mövsüm olduğu kimi, bu il də komandanın gücləndirilməsi gündəmdədir:
“Hər il transfer söhbətləri olur. Ümumilikdə hər il komandamızda yaxşı hücumçular olur. Danışıqlar aparırıq və çalışırıq ki, transferlər edək. Çünki tələblər böyükdür. Qış fasiləsini böyük ehtimalla Antalyada keçirəcəyik”.
Qeyd edək ki, Q.Qurbanov “Komanda.az” saytının 63 jurnalist arasında keçirdiyi sorğuda 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb və bununla da 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi seçilib.