- Offside
- 18:59 20.12.2025
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı çərçivəsində “Üzgüçülük hamı üçün” layihəsi üzrə yarışlara start verilib.
90deqiqe.Az xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Daha sonra yarışlara rəsmi start verilib. Ölkə üzrə artıq dördüncü dəfə keçirilən turnirdə 9–10 yaşdan 60 yaşdan yuxarı olmaqla ümumilikdə 14 yaş kateqoriyası üzrə 1551 nəfər iştirakçı mübarizə aparır.
Yarışlar Bakı şəhəri ilə yanaşı, regionlarda yerləşən 37 üzgüçülük hovuzunda təşkil olunur. Layihənin əsas məqsədi üzgüçülüyün kütləviliyini artırmaq və bütün yaş qruplarını bu idman növünə cəlb etməkdir.
Qeyd edək ki, hər yaş kateqoriyası üzrə (kişilər və qadınlar) ilk iki yeri tutan idmançılar 2026-cı ildə türk dövlətləri arasında keçiriləcək “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə vəsiqə qazanacaqlar.
Yarışlara dekabrın 21-də yekun vurulacaq.