20 dekabr 2025. Şənbə

8-ci Uşaq Paralimpiya Oyunlarına start verildi


  • Offside
  • 15:47 20.12.2025
  • Oxunma sayı: 40
8-ci Uşaq Paralimpiya Oyunlarına start verildi

Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 8-ci Uşaq Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bu cür yarışların uşaqların idmana marağının artırılmasında mühüm rol oynadığını bildirib. Nazir vurğulayıb ki, gənc idmançılar cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyevdən nümunə götürür və bu, onların gələcək yarışlara daha böyük motivasiya ilə hazırlaşmasına stimul verir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev paralimpiyaçıların hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edib. O bildirib ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bu tip yarışlar onların inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev çıxışında iştirakçı uşaqlara müraciət edərək bildirib ki, əsl güc fiziki imkanlarda deyil, iradə və ruhdadır. O, bu yarışda iştirak edən bütün uşaqları qalib adlandırıb və onların gələcəkdə Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edəcəklərinə inamını ifadə edib.

Cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev isə çıxışında qeyd edib ki, gələcəkdə bu uşaqlar arasından Paralimpiya və dünya çempionları yetişəcək. O, paralimpiyaçıların məşq etməsi üçün ölkədə bütün lazımi şəraitin yaradıldığını, valideyn dəstəyinin isə mühüm rol oynadığını diqqətə çatdırıb.

Rəsmi hissədən sonra tədbir bədii proqramla davam etdirilib.

Qeyd edək ki, 8-ci Uşaq Paralimpiya Oyunlarında 130 uşaq paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parabadminton, parastolüstü tennis, parakamandan oxatma və boccia olmaqla 8 idman növü üzrə müxtəlif kateqoriyalarda mübarizə aparır.

Uşaq Paralimpiya Oyunlarının əsas məqsədi əlilliyi olan uşaqların idmana cəlb edilməsi və gələcəkdə Azərbaycanın beynəlxalq idman arenalarında layiqincə təmsil olunmasını təmin edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır.







Offside