- Offside
- 23:34 21.12.2025
Zeyd Döyüş Mərkəzinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş MMA üzrə turnir baş tutub.
90deqiqe.Az xəbər verir ki, yarış dekabrın 20-də Bakıdakı “Sərhədçi” İdman Kompleksində təşkil olunub.
Turnirin açılış mərasimində çıxış edən Zeyd Döyüş Mərkəzinin (ZFC) prezidenti Emin Əliyev dövlət başçısının idmana göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi olaraq Azərbaycanın beynəlxalq idman aləmində nüfuzunun artdığını bildirib. O qeyd edib ki, məhz bu siyasətin nəticəsi olaraq Bakı şəhəri 2026-cı il üçün dünya idmanının paytaxtı elan edilib.
Emin Əliyev idmanın inkişafına verdiyi töhfələrə görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədovu təltif edib. O, həmçinin turnirin təşkilində göstərilən dəstəyə görə Zeyd Döyüş Mərkəzinin təsisçisi Əli Əsgərova, eləcə də MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərova təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Fazil Mustafa və Vüqar İskəndərov idmanın ölkənin inkişafında, xüsusilə gənclərin sağlam fiziki və mənəvi formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.
Qeyd edək ki, turnirdə 22 idmançı iştirak edib və ümumilikdə 11 döyüş keçirilib. Yarışın sonunda idmançılara müxtəlif məbləğlərdə pul mükafatları təqdim olunub. Turnirin qalibi isə kubok və digər mükafatlarla təltif edilib.