- Offside
- 21:43 22.12.2025
Azərbaycan güləş hakimliyi yeni nailiyyət əldə edib.
Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, müxtəlif bölgələri təmsil edən Azərbaycan referiləri dərəcələrini artırıblar.
Bəşir İsazadə güləşdə ən yüksək dərəcə sayılan I-S kateqoriyasına yüksəlib. Bu il U-23 Avropa çempionatında, U-20 dünya çempionatında və İslam Həmrəyliyi Oyunlarında ədaləti qoruyan lənkəranlı referi Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldub. Xatırladaq ki, bu dərəcəyə sahib hakimlər bütün yarışlarda, o cümlədən Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanır.
Daha 2 referi isə beynəlxalq kateqoriyalı ədalət təmsilçiləri sırasına qoşulub. Macarıstanın Tatabanya şəhərində keçirilən veteranların dünya çempionatında iş başında olan və imtahandan keçən Samir Hacıyevlə (Astara) Əkbər Məmmədli (Göyçay) UWW-nin qərarı ilə III dərəcəli beynəlxalq hakim statusuna yiyələnib.
Bununla da Azərbaycanın beynəlxalq dərəcəli hakimlərinin sayı 25-ə çatıb.