26 dekabr 2025. Cümə

Maradonanın cırılmış forması hərracda 152.000 avroya satılıb


  • Offside
  • 23:30 25.12.2025
  • Oxunma sayı: 42
Maradonanın cırılmış forması hərracda 152.000 avroya satılıb

Argentinanın əfsanəvi futbolçusu Dieqo Maradonanın oyun forması 152 min avroya satılıb.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, formanın bazar qiyməti 123 min avro olsa da, 23% komissiya əlavə olunduqdan sonra yekun məbləğ 152 min avro olub. Bu, Maradonanın klub formaları arasında hərracda satılan ən bahalı nümunə hesab olunur.

Formanı Maradona 1984-cü ildə İspaniya Kubokunun finalında “Barselona” üçün geyinmişdi. Həmin oyunda katalonlar “Atletik”dən 0:1 hesabı ilə məğlub olmuşdu. Oyun sonrası meydana baş verən dava zamanı futbolçunun forması cırılmışdı.

Lotun təsvirinə görə, forma əvvəlcə klub işçisi tərəfindən yuyulmaq üçün yığılmış, lakin təmir olunmadığı üçün xatirə kimi saxlanılmışdı. Sonradan forma bir tanışa hədiyyə edilib və nəhayət onun oğluna miras qalıb, o da formanı hərraca çıxarıb.

Dieqo Maradona 2020-ci ildə 60 yaşında vəfat edib. O, 1986-cı ildə dünya çempionu olub, “Barselona” ilə İspaniya Kuboku və Superkubokunu, “Napoli” ilə isə İtaliya çempionluğu, ölkə kuboku, superkuboku və UEFA Kubokunu qazanıb.







Offside