26 dekabr 2025. Cümə

Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə VII Ümumrespublika yarışının final mərhələsi keçirilib


  • Offside
  • 12:31 26.12.2025
  • Oxunma sayı: 18
Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə VII Ümumrespublika yarışının final mərhələsi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə VII Ümumrespublika yarışının final mərhələsi keçirilib.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan yarışlarda respublika üzrə əlilliyi olan 246 şəxs iştirak edib və onlardan 80 iştirakçı final mərhələsinə yüksəlib.

5 idman növü (şahmat, dama, nərd, stolüstü tennis və qol güləşi) üzrə keçirilən yarışlarda iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb və iştirakçıların bir hissəsi də əlilliyi olan uşaqlar olub.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov bu kimi yarışların əlilliyi olan şəxslərin idmana, stolüstü oyunlara marağının gücləndirilməsi, onların idman potensialının üzə çıxarılması, eləcə də cəmiyyətə daha fəal inteqrasiyasının təşviqi məqsədi daşıdığını vurğulayıb. O, dövlət tərəfindən bu kateqoriyadan olan şəxslərin idmana cəlb olunması və bacarıqlarının dəstəklənməsi istiqamətində mütəmadi olaraq tədbirlərin həyata keçirildiyni, bu tədbirlərin inklüziv dəyərlərin güclənməsinə də töhfə verdiyini qeyd edib.

Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev diqqətə çatdırıb ki, akademiya bu cür təşəbbüslərin inkişaf etdirilməsi və əlilliyi olan şəxslərin idman biliklərinin artırılması istiqamətində uzunmüddətli layihələr həyata keçirir və idmanın inklüzivliyini təmin etmək üçün səylərini davam etdirir.

Final yarışlarının qalibləri təltif olunub, onlara mükafatlar təqdim edilib.







Offside