- Offside
- 11:56 30.12.2025
2025-ci il Azərbaycan boksu üçün uğurlu olub və bu il boksçularımız yarışlarda ötən ilə nisbətən 50 faiz çox olmaqla 231 medal qazanıblar.
90deqiqe.A xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev bu ilin yekunları və gələnilki hədəflərə həsr olunmuş tədbirdə bildirib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad edilib.
Mərasimdə Sahil Babayev idmançıları və əməyi olan hər kəsi bu il əldə olunan uğurlara görə təbrik edib. Cari ildə müxtəlif yaş qrupları üzrə milli komandaların 47 yarışda əldə etdiyi 231 medalın 69-nun qızıl, 60-nın gümüş, 102-nin bürünc olduğunu diqqətə çatdırıb.
Federasiya prezidenti rəsmi yarışlarda da ciddi irəliləyişlərə nail olunduğunu qeyd edib. Bildirib ki, boksçularımız World Boxing, IBA təşkilatlarının Avropa və dünya çempionatlarında 60 medal qazanıblar. Bu da ötənilki göstəricidən 3,5 dəfə çoxdur. 19 yaşlı Sübhan Mamedov isə həm U-23 Avropa çempionu, həm də dünya çempionu tituluna yiyələnib. Cari ildə qazanılan qızıl medalların sayı da 57 faiz artaraq 69-a yüksəlib. Qadın boksçularımız isə bu il əvvəlki ilə nisbətən medal sayını 2 dəfəyə yaxın artıraraq 55-ə çatdırıblar.
Sahil Babayev cari ildə boksun maddi-texniki bazasının da gücləndirildiyini deyib. Qeyd edib ki, Lənkəranda Cənub Regional Boks Mərkəzi istifadəyə verilib, Gəncə, Qazax və İmişli Olimpiya İdman Komplekslərində boks bölmələri fəaliyyətə başlayıb. Paytaxt və bölgə klublarına, zallara müasir avadanlıqlar, ləvazimatlar verilib. Bölgələrdə boksun inkişafı üçün görülən işlərin müsbət nəticəsi kimi, Şabrandan Xumar Cəfərli U-15, Lənkərandan Qardaş Rəhimov U-17 Avropa çempionatlarında qızıl medallara yiyələniblər.
Federasiya prezidenti Azərbaycan hakimlərinin mötəbər beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etdiyini vurğulayıb. O, Boks Federasiyasının, boks üzrə milli komandanın və baş məşqçinin, dünya çempionunun və həkimin Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən 2025-ci ilin yekunları üzrə müxtəlif nominasiyalarda fərqlənməsini yüksək qiymətləndirib.
2026-cı illə bağlı plan və hədəflərdən bəhs edən Sahil Babayev 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək Dünya Kubokunda, Avropa və dünya çempionatlarında maksimum nəticələrin əldə edilməli olduğunu deyib. O, regionlarda və Bakıdakı klublara, boks zallarına dəstəyin davam etdirilməsini, bir neçə rayonun Olimpiya İdman Komplekslərində də boks bölmələrinin fəaliyyətə başlamasını tapşırıb, görüş iştirakçılarına qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrikini və xoş arzularını çatdırıb.
Federasiyasının baş katibi Nağı Səfərovun hesabatından sonra məşqçilər və boksçuları maraqlandıran məsələlər müzakirə olunub, tövsiyə və tapşırıqlar verilib. 2025-ci ildə uğur qazanan boksçulara və milli komandaların baş məşqçilərinə təşəkkürnamələr təqdim olunub.