- Offside
- 23:40 08.01.2026
Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FİS-in rəsmi təqvimi əsasında keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirində ilk günün qalibləri bəlli olub.
90deqiqe.Az-ın məlumatına görə, turnirin açılış günündə iştirakçılar Slalom növü üzrə mübarizə aparıblar. Gərgin keçən yarışların yekununda Gürcüstan təmsilçisi Nino Thklauri fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçli idmançı Nikita Anner ikinci, Özbəkistan xizəkçisi Kseniya Brejnaya isə üçüncü yeri tutub.
“Azerbaijan Open” turnirində Azərbaycanla yanaşı İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal və Özbəkistandan olan müxtəlif yaş kateqoriyalı 20 qadın idmançı iştirak edir. Yarışda ölkəmizi dağ xizəyi üzrə Azərbaycan təmsilçisi Anastasiya Papatoma təmsil edir.
Qeyd edək ki, beynəlxalq turnir yanvarın 10-dək davam edəcək. Növbəti yarış günlərində idmançılar Slalom və Qiqant Slalom növləri üzrə birincilik uğrunda mübarizəni davam etdirəcəklər.