- Offside
- 23:40 08.01.2026
Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu yarışın yeni ildə keçirilən ilk daxili çempionat olduğunu bildirib. O, “Los-Anceles–2028” Yay Olimpiya Oyunlarına üç ildən az vaxt qaldığını xatırladaraq, artıq bu ildən etibarən olimpiya lisenziya turnirlərinin start götürdüyünü və bütün idmançılara uğurlar arzuladığını qeyd edib.
Gənclər və idman naziri Fərid Qayıbov güləşin Azərbaycan üçün ənənəvi və prioritet idman növlərindən biri olduğunu vurğulayıb: “Bu faktı Prezident İlham Əliyev dəfələrlə qeyd edib. İnanıram ki, bu çempionatdan yeni və güclü idmançılar yetişəcək”.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev yarışın yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edərək, güləşsevərlərin maraqlı və gərgin qarşılaşmalar izlədiyini bildirib. AGF-nin baş katibi Pərvin Piriyev isə ölkə çempionatının milli komandaların heyətinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, turniri beynəlxalq dərəcəli hakimlər idarə edir və nizam-intizam məsələlərinə ciddi nəzarət olunur.
Açılış mərasimi bədii hissə ilə davam etdirilib. Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionatına yanvarın 11-də yekun vurulacaq. Yarışı ilk üçlükdə başa vuran güləşçilər Azərbaycan milli komandalarının tərkibinə cəlb olunacaqlar.