- Offside
- 23:15 09.01.2026
“Mançester Siti”nin və Argentina millisinin sabiq futbolçusu Martin Demikelis Uruqvayın Atlantik okeanı sahilində yerləşən nüfuzlu Punta-del-Este kurortu yaxınlığında uşaqları ilə birlikdə sörfinqlə məşğul olarkən az qala faciə ilə üzləşib.
90deqiqe.Az-ın "The Sun"a istinadən məlumatına görə, keçmiş futbolçu üç övladı ilə birlikdə xilasedici postundan təxminən 400 metr uzaqlıqda dənizə girib. Həmin ərazi çimmək üçün nəzərdə tutulmayıb və mürəkkəb, təhlükəli zona hesab olunur. Güclü axın nəticəsində Demikelis və uşaqları sahildən uzaqlaşaraq açıq dənizə doğru sürükləniblər.
Hadisə zamanı təsadüf nəticəsində həmin çimərlikdə iş saatından kənar vaxtda sörfinq edən iki xilasedici olub. Onlar vəziyyəti vaxtında dəyərləndirərək müdaxilə edib və Demikelis ilə övladlarına kömək göstəriblər.
Qeyd edək ki, Martin Demikelis futbolçu karyerası ərzində Münhen “Bavariya”sı, “Malaqa” və “Mançester Siti” kimi klubların formasını geyinib. Argentina millisində çıxış edən müdafiəçi 51 oyunda iştirak edib və iki qola imza atıb.