- Offside
- 18:07 13.01.2026
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Məhəmməd Bəna təyinatı ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, tanınmış mütəxəssis qarşıya qoyulan hədəflərdən danışıb.
Yeni vəzifəsinə dair açıqlama verən Məhəmməd Bəna Azərbaycan milli komandasına baş məşqçi təyin olunmasını yüksək etimad kimi qiymətləndirib. O, bu postun həm böyük məsuliyyət, həm də ciddi öhdəliklər tələb etdiyini bildirib və formalaşdırılan məşqçi heyəti barədə məlumat verib:
"Azərbaycan milli komandasının baş məşqçisi seçildiyim üçün çox xoşbəxtəm. Azərbaycan çox böyük bir komandadır və uzun illərdir dünya miqyasında medallara sahibdir. Bu iş mənim üçün çox çətindir, lakin seçilmiş məşqçi heyəti ilə birlikdə böyük əzmlə çalışırıq. Heyətimizdə üç iranlı və üç azərbaycanlı məşqçi var. Gələcəkdə komandamıza başqa mütəxəssislərin də qoşulması nəzərdə tutulur".
Baş məşqçi qarşıdakı dövr üçün əsas prioritetin Azərbaycan güləşinin mövcud səviyyəsini qorumaqla yanaşı, onun davamlı şəkildə inkişaf etdirilməsi olduğunu vurğulayıb. O, uzun illərdir gözlənilən ən ali nəticənin əldə olunacağına inamını ifadə edib:
"Ümid edirəm ki, Azərbaycan güləşinin səviyyəsini qoruyub saxlaya və onu daha da inkişaf etdirə biləcəyik. 23 ildir gözlənilən bir medal var. İndi isə ümid edirik ki, bundan da artıq nəticə əldə edərək Olimpiya qızıl medalını qazana biləcəyik. Hazırladığımız proqramlar vasitəsilə inşallah, güləşin keyfiyyəti günbəgün daha da yüksələcək".
Məhəmməd Bəna Azərbaycan Güləş Federasiyası ilə aparılan müzakirələr zamanı qarşıya qoyulan strateji məqsədlərin tam dəqiqləşdirildiyini və bütün planların Olimpiya Oyunlarına hesablandığını qeyd edib:
"Azərbaycan Güləş Federasiyasının hörmətli rəhbərliyi ilə apardığımız danışıqlarda əsas məqsədimiz tam aydındır. Biz bütün diqqətimizi Olimpiya qızıl medalına yönəltmişik. Bu yolda iki böyük sınağımız var və istəyirik ki, onları da uğurla başa vuraq. Əsas hədəfimiz Olimpiadaya qədər qalan bu iki il ərzində düzgün və uğurlu bir yol keçməkdir".
Çıxışının sonunda mütəxəssis ona göstərilən etimada görə məmnunluğunu ifadə edərək bu məsuliyyətin onun üçün qürur mənbəyi olduğunu bildirib:
"Yolumuz müxtəlif uğurlarla müşayiət olunacaq, lakin nəticədə Olimpiya qızıl medalına çatmaq istəyirik. Burada olduğum və bu böyük məsuliyyəti daşıdığım üçün çox xoşbəxtəm".