- Offside
- 23:02 14.01.2026
Həvəskar tennisçi Cordan Smit peşəkar idmançılar, məşhurlar və azarkeşlərin iştirak etdiyi "One Point Slam" adlı sərgi turnirinin qalibi olub.
90deqiqe.Az xəbər verir ki, final görüşündə Smit dünya reytinqində 117-ci pillədə qərarlaşan, Taybeyi təmsil edən tennisçi Coanna Qarlendi məğlub edərək çempionluğa yiyələnib.
Turnirin formatına əsasən, hər qarşılaşma cəmi bir xal üzərində oynanılıb və həmin xalı qazanan tennisçi növbəti mərhələyə yüksəlib. Qələbəyə görə Cordan Smit 1 milyon Avstraliya dolları məbləğində mükafat əldə edib.
Qeyd edək ki, turnirdə kişilər arasında dünyanın bir nömrəsi ispaniyalı Karlos Alkaras, qadınlarda isə belaruslu Arina Sobolenko da iştirak ediblər. Bundan başqa, US Open 2021 turnirinin qalibi, hazırda dünyanın 13-cü raketkası olan rusiyalı Daniil Medvedev amerikalı Amanda Anisimovaya uduzub.
Rusiyalı tennisçi Andrey Rublyov avstraliyalı Nik Kyrgyosa məğlub olub. İkiqat “Böyük Dəbilqə” çempionu, keçmiş dünya birincisi Marat Safin isə amerikalı Frensis Tiafo ilə oyunda məğlubiyyətlə üzləşib.