- Offside
- 21:19 22.01.2026
Yanvarın 22-də keçirilən Kollegiya iclasında 2025-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub, bir sıra tapşırıqlar verilib, qərarlar qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, “Hesabat dövründə əsas fəaliyyət istiqamətlərimiz gənclərin milli-mənəvi dəyərlər əsasında, eyni zamanda vətənpərvərlik ruhunda tərbiyə olunması, onların hərtərəfli inkişafına zəmin yaradılması, sağlam həyat tərzinin təşviqi, idmanın kütləviliyinin artırılması, peşəkar məşqçi və idmançı hazırlığının təmin edilməsi, o cümlədən sahə üzrə idarəetmənin və infrastrukturun gücləndirilməsi olmuşdur. Nəzərinizə çatdırım ki, 2025-ci il ərzində gənclər və idman siyasətinin əsas istiqamətləri üzrə ümumilikdə 428 tədbir keçirilmiş, bu tədbirlərdə 16 min 31 nəfər iştirak etmişdir. 2024-cü illə müqayisədə tədbir sayında təxminən 16,9 faizlik artım qeydə alınmışdır. Ən mühüm göstəricilərdən biri də idmançılarımızın beynəlxalq və respublika səviyyəli yarışlarda qazandıqları uğurlardır. Belə ki, 2025-ci ildə 198-i qızıl, 129-u gümüş, 117-si bürünc olmaqla ümumilikdə 444 medal qazanılıb ki, bu da bir öncəki il ilə nisbəttə 121 faizlik artım deməkdir.” Bu sözləri iclas zamanı Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Məcid Seyidov səsləndirib.
İclasda hesabat dövründə həyata keçirilən tədbirlər, müvafiq sahələr üzrə görülən işlər və qazanılan nailiyyətlər haqqında danışılıb. Nazir müavini “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər barədə də fikirlərini diqqətə çatdırıb. Qeyd edib ki, Dövlət Proqramına uyğun olaraq 2025-ci ildə muxtar respublikanın bütün regionlarını əhatə etməklə 11 yerdə açıq hava idman qurğuları istifadəyə verilmişdir. Bu tip qurğuların Naxçıvan şəhərindəki mövcudluğunu da nəzərə almaqla, 2024–2025-ci illər ərzində muxtar respublika üzrə ümumilikdə 19 ərazidə açıq hava idman qurğuları əhalinin istifadəsinə təqdim olunmuşdur. Dövlət Proqramının 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında regionun idman infrastrukturunun yenilənməsini əhatə edən mühüm məsələlərdən biri də Naxçıvan Muxtar Respublika Stadionunda əsaslı təmir və yenidənqurma işlərinin icrası ilə bağlıdır. İlkin mərhələdə stadionun modernləşdirilməsi və AFFA standartlarına uyğun əsaslı təmiri üzrə layihələndirmə işlərinə başlanmışdır. Dövlət Proqramı ilə yanaşı “Sağlam məhəllə” layihəsi çərçivəsində Babək, Culfa və Şahbuz rayonlarında idman zonaları yaradılır, o cümlədən özəl investisiya hesabına bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində işlər aparılır.
Qeyd olunub ki, Gənclər və İdman Nazirliyinin öz Fəaliyyət Planı, işgüzar strategiyası və dövlət siyasətinə uyğun olaraq müvafiq sahələrdə, o cümlədən qurum daxilində bir sıra islahatlar aparılmış, inkişafyönümlü işlər görülmüş, keyfiyyət və dinamika yüksəldilmiş, operativlik artırılmış, müasir fəaliyyət mexanizmlərinin tətbiqinə, eləcə də elektron xidmətlərdən istifadəyə keçid təmin olunmuşdur. İdarəetmənin təkmilləşdirilməsi istiqamətində Nazirliyin struktur bölmələri arasında əlaqələndirmə gücləndirilmiş, tədbirlərin planlaşdırılması və icrasında nəticəyönümlü yanaşma tətbiq edilmiş, hesabatlılıq və monitorinq mexanizmləri təkmilləşdirilmişdir.
Nazirliyin şöbələri, tabeliyində olan idarə və müəssisələrinin fəaliyyəti ilə bağlı hesabat məruzələri dinlənilib.
Kollegiya iclasının qərarları diqqətə çatdırılıb və səs çoxluğu ilə qəbul edilərək təsdiq olunub. Nazirliyin 2026-cı il üçün İş Planı qəbul edilib, müxtəlif idman növləri üzrə Naxçıvan yığma komandalarının məşqçi və idmançı tərkibi təsdiq olunub.
Nazir müavini Məcid Seyidov cari ildə görüləcək işlərlə bağlı tələb və tapşırıqları diqqətə çatdırıb, qarşıdakı vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.