23 yanvar 2026. Cümə

“Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsinə həsr olunmuş təltifetmə mərasimi keçirilib


  • Offside
  • 14:32 23.01.2026
  • Oxunma sayı: 32
“Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsinə həsr olunmuş təltifetmə mərasimi keçirilib

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında “Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsinə həsr olunmuş təltifetmə mərasimi keçirilib.

MOK-dan 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, qurumun idman idarəsinin müdiri Həsənağa Rzayev, Atletlər Komissiyasının sədri Fəridə Əzizova, Etika Akademiyasının rəhbəri Günel İbrahim, komissiya üzvləri, Olimpiya çempionları və mükafatçıları, eləcə də layihə iştirakçıları iştirak ediblər.

MOK-un Atletlər Komissiyasının sədri Fəridə Əzizova Etika Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təlim proqramının uğurla yekunlaşdığını bildirib. O qeyd edib ki, layihə çərçivəsində idmançılar üçün etik davranış qaydaları, psixoloji dayanıqlılığın gücləndirilməsi, nitq qabiliyyətlərinin inkişafı və yarışlardan əvvəl stresə davamlılığın artırılmasına yönəlmiş həm nəzəri, həm də praktiki dərslər keçirilib.

Daha sonra Atletlər Komissiyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Etika Akademiyasının rəhbəri Günel İbrahim çıxışında layihənin əsas məqsədinin idmançılarda dəyərlərə sadiqlik, nitq mədəniyyəti, salamlaşma və protokol qaydalarının formalaşdırılması olduğunu vurğulayıb. O, bu bacarıqların gənc idmançıların həm idman, həm də ictimai fəaliyyətində mühüm rol oynadığını diqqətə çatdırıb.

Atletlər Komissiyasının üzvü Rafiq Hüseynov tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Olimpiya Komitəsinə və Etika Akademiyasına minnətdarlığını bildirib. O, layihənin təşəbbüsünü müsbət qiymətləndirərək, komissiya olaraq gələcəkdə də bu kimi faydalı layihələrin həyata keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə layihənin uğurlu nəticələr verdiyini vurğulayıb. O, layihə iştirakçılarının çıxışlarında nitq mədəniyyətinin inkişafının aydın şəkildə hiss olunduğunu bildirib. Çingiz Hüseynzadə gələcəkdə də Etika Akademiyası ilə əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.

Tədbirdə layihə iştirakçıları da çıxış edərək onlara yaradılan imkanlara görə minnətdarlıqlarını bildiriblər.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub. Layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Etika Akademiyasının rəhbəri Günel İbrahimə Milli Olimpiya Komitəsi tərəfindən təşəkkürnamə təqdim edilib. Tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

Qeyd edək ki, “Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsi Beynəlxalq Olimpiya Komitəsinin (BOK), Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının təşəbbüsü və Etika Akademiyasının dəstəyi ilə həyata keçirilib.







Offside

AFFA-nın liqalarında yenilik
  • Offside
  • 15:38 23.01.2026
AFFA-nın liqalarında yenilik