- Offside
- 14:34 25.01.2026
Dünyanın 17-ci raketkası, 20 yaşlı çexiyalı tennisçi Yakub Menşik Avstraliya Açıq çempionatı turnirinin 1/8 final mərhələsindəki oyundan qarşılaşma başlamazdan əvvəl imtina edib.
90deqiqe.Az-ın məlumatına görə, o, 1/4 finala vəsiqə uğrunda “Böyük dəbilqə” turnirlərinin 24 qat qalibi, dünyanın 4-cü raketkası serbiyalı Novak Cokoviçlə üz-üzə gəlməli idi. Menşikin yarışdan çəkilməsi ilə Cokoviç avtomatik olaraq növbəti mərhələyə yüksəlib.
Menşikin turniri yarımçıq tərk etməsinə səbəb qarın əzələlərindən aldığı zədə olub.
“Təəssüf ki, bunu yazmaq mənim üçün çox çətindir. Davam etmək üçün əlimizdən gələni etsək də, son oyunlarda daha da ağırlaşan qarın əzələsi zədəsinə görə Australian Open-dən çəkilmək məcburiyyətində qaldım. Komandam və həkimlərlə uzun müzakirələrdən sonra sabah korta çıxmamağın daha doğru qərar olduğu qənaətinə gəldik.
Məyus olsam da, həyatımda ilk dəfə burada dördüncü mərhələyə yüksəlmək uzun müddət yaddaşımda qalacaq. Azarkeşlərdən inanılmaz enerji hiss etdim, Melburndakı ab-hava isə xüsusi idi”, — deyə Menşik sosial şəbəkə hesabında yazıb.