- Offside
- 10:32 31.01.2026
“Sərhədçi” Olimpiya-İdman Mərkəzində “Arpaçay” İdman Birliyinin təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş 11-ci ənənəvi açıq karate turnirinə start verilib.
90deqiqe.Az xəbər verir ki, Beynəlxalq status daşıyan yarışda 12 ölkədən 1300-dən artıq idmançı iştirak edir. Turnirin əsas məqsədi gənclər arasında karate idman növünün inkişafı ilə yanaşı, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini ehtiramla yad etməkdir.
Tədbir çərçivəsində Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev yarışla bağlı fikirlərini bölüşüb:
““Arpaçay” idman birliyinin işindən çox razıyıq. Bu klub dayanmadan çalışır. Ənənəvi beynəlxalq yarışda 1300-dən artıq karateçinin çıxış etməsi onların yüksək fəaliyyətinin nəticəsidir. Tədbirin əsas statusundan biri də qəhrəman şəhid qardaşlarımızın əziz xatirələrinin yad edilməsidir. Biz çalışırıq ki, bu istiqamətdə dövlət siyasətinə dəstək verək”.
Qeyd edək ki, turnir bir neçə gün davam edəcək və müxtəlif yaş qrupları üzrə qaliblər müəyyənləşdiriləcək.