- Offside
- 10:32 31.01.2026
Yanvarın 30-da paytaxtda yerləşən Sərhədçi İdman Mərkəzində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş XI “ARPACHAY OPEN” beynəlxalq karate turnirinin təntənəli açılış mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının (AKF) dəstəyi, Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə reallaşan turnirin açılış mərasimində şəhid ailələri və qazilər, Azərbaycan Karate Federasiyasının rəhbərliyi, Milli Məclisin deputatları, o cümlədən parlamentin Gənclər və İdman Komitəsinin üzvləri, idman ictimaiyyətinin tanınmış nümayəndələri, eləcə də yarış üçün ölkəmizə təşrif buyurmuş 12 ölkənin idmançı və rəsmi nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Karate Federasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev ənənəvi olaraq hər il təşkil edilən və bu il 11-ci dəfə keçirilən “ARPACHAY OPEN” beynəlxalq karate turnirinin ölkəmizdə və beynəlxalq idman ictimaiyyətində qazandığı nüfuzdan danışıb. O bildirib ki, turnir ildən-ilə daha da rəqabətli xarakter alır, iştirakçı ölkələrin və idmançıların sayı artır.
Daha sonra Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov çıxış edərək, bu cür beynəlxalq yarışların gənclərin idmana marağının artırılmasında, sağlam həyat tərzinin təşviqində və Azərbaycanın beynəlxalq idman nüfuzunun yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb.
Beynəlxalq turnirin təşkilatçısı Arpaçay Karate Klubunun direktoru, Əməkdar məşqçi Yavər Hüseynov çıxışında Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərovun adından göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Karate Federasiyasının rəhbərliyinə təşəkkürünü çatdırıb, üç gün davam edəcək yarışın iştirakçılarına uğurlar arzulayıb. Qeyd edilib ki, turnirdə bu il 12 ölkədən 1200-ə yaxın idmançı mübarizə aparır.
Tədbirdə şəhid Vüsal Şahmarlının valideynləri çıxış edərək, şəhid ailələrinə göstərilən diqqət və ehtirama görə Azərbaycan Karate Federasiyasının rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə və turnirin təşkilatçısı Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərova minnətdarlıqlarını bildiriblər. Ardınca çıxış edən şəhid bacısı, həkim-terapevt Məhəbbət Paşayeva idmana və şəhid ailələrinə dövlət tərəfindən göstərilən davamlı qayğını xüsusi qeyd edib.
Tədbir çərçivəsində dünya şöhrətli karateçilər Rəfael Ağayev və İrina Zaretska da mükafatlandırılıblar.
Mərasim bədii hissə ilə davam edib, qonaqlara fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Sonda isə turnirin ilk final görüşləri keçirilib.
Qeyd edək ki, XI “ARPACHAY OPEN” beynəlxalq karate turniri üç gün davam edəcək.