- Offside
- 22:26 01.02.2026
Belçikada keçirilən cüdo üzrə Beynəlxalq Açıq Turnir yekunlaşıb.
ACF-dən 90deqiqe.Az-a verilən məlumata görə, ikinci yarış günündə Azərbaycan cüdoçuları aktivlərinə daha 4 medal yazdırıblar.
Vise şəhərində baş tutan kişilərin mübarizəsində Yaşar Nəcəfov (-66 kq) tatamiyə çıxdığı bütün görüşlərdən qalib ayrılaraq qızıl medal əldə edib. Eyni çəki dərəcəsində Tofiq Məmmədov (-66 kq) bürünc mükafata layiq görülüb. Cəsur İbadlı (-81 kq) da üçüncü yeri tutub. Herstal şəhərində təşkil olunan qadınların yarışında isə Gültac Məmmədəliyeva (-52 kq) bürünc medala yiyələnib.
Beləliklə, Azərbaycan millisi turniri 3 qızıl, 2 gümüş və 6 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurub.
Qeyd edək ki, ilk yarış günündə Murad Muradlı (-60 kq), Camal Feyziyev (+100 kq) qızıl, Əbil Yusubov (-73 kq), Zelim Tçkayev (-90 kq) gümüş, Fərid Qarayev (-60 kq), Kamran Süleymanov (-73 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc medal qazanmışdı.