- Offside
- 23:17 03.02.2026
Gəncə İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Rəsmi açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, eləcə də digər rəsmi şəxslər iştirakçılara uğurlar arzulayıblar. Çıxışlarda Azərbaycanın və xüsusilə Gəncə güləş məktəbinin dünya güləş tarixində mühüm yerə malik olduğu vurğulanıb.
Rəsmi hissədən sonra rəqs ansamblının bədii çıxışı təqdim olunub və ardınca çempionata start verilib.
Qeyd edək ki, yarışda ölkənin müxtəlif bölgələrindən 500-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparır. Çempionat fevralın 7-dək davam edəcək. İlk üç yeri tutan güləşçilər Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə təltif olunacaqlar. Eyni zamanda, mükafatçılar milli komandanın heyətinə cəlb edilərək beynəlxalq turnirlərdə Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar.
Onu da qeyd edək ki, fevralın 8-də Gəncə İdman Sarayında qadın güləşi üzrə U15 və U17 yaş qrupları arasında ölkə birinciliyi keçiriləcək. Fevralın 9-dan 13-dək isə eyni məkanda yunan-Roma və sərbəst güləş üzrə U17 Azərbaycan çempionatı baş tutacaq. Yarış günlərində görüşlər hər gün saat 10:00-da başlayacaq.