4 fevral 2026. Çərşənbə

Goranboyda 2026-cı il üçün “Gənclər Paytaxtı” layihəsinin açılışı olub


  • Offside
  • 18:57 03.02.2026
  • Oxunma sayı: 25
Goranboyda 2026-cı il üçün “Gənclər Paytaxtı” layihəsinin açılışı olub

Goranboy rayonunda 2026-cı il üçün “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, Goranboy şəhər 1 saylı tam orta məktəbdə təşkil olunan tədbir ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, “Gənclər Paytaxtı” statusu rayona göstərilən böyük etimad olmaqla yanaşı, ciddi məsuliyyət də yaradır. O, gənclərin potensialının üzə çıxarılması üçün bütün imkanların səfərbər ediləcəyini və il ərzində çoxsaylı layihə və tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov qeyd edib ki, 2026-cı ildə Goranboy Azərbaycan gəncliyinin əsas mərkəzlərindən biri olacaq. Nazir gənclərdən yüksək fəallıq və uğurlu nəticələr gözlədiklərini bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov ötən il “Gənclər Paytaxtı” statusunu daşıyan Sumqayıtın bu missiyanı uğurla yerinə yetirdiyini diqqətə çatdırıb. Tədbir çərçivəsində Fərid Qayıbov tərəfindən Teymur Səmədova təşəkkür plaketi, Məhərrəm Quliyevə isə “Gənclər Paytaxtı”nın simvolik açarı təqdim olunub.

Daha sonra istedadlı və yaradıcı gənclər mükafatlandırılıb.

Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxışında Azərbaycanda gənclər siyasətinin dövlət strategiyasının əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Tədbir Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarxın nümayişi ilə davam edib. Sonda “Gənclər Paytaxtı – Goranboy”un rəsmi loqosu və maskotu ictimaiyyətə təqdim olunub.







Offside