- Offside
- 20:00 05.02.2026
FIBA-nın gənclər arasında Avropa çempionatlarının (Division B) püşkatma mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, püşkün nəticələrinə əsasən, Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalarının seçmə mərhələdəki rəqibləri bəlli olub.
20 yaşadək oğlanlardan ibarət Azərbaycan yığması Slovakiyanın paytaxtı Bratislavada iyulun 10–19-da keçiriləcək Avropa çempionatında A qrupunda mübarizə aparacaq. Komandamızın qrupdakı rəqibləri İrlandiya, İsveç, Slovakiya və Şimali Makedoniya kollektivləri olacaq.
Bundan başqa, 20 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Samokov şəhərində iyulun 4–12-də gerçəkləşəcək turnirdə A qrupunda çıxış edəcək. Komandanın rəqibləri İrlandiya, Albaniya və Yunanıstan olacaq.
18 yaşadək oğlanlardan ibarət milli isə iyulun 24–dən avqustun 2-dək Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində təşkil olunacaq Avropa çempionatında B qrupunda yer alıb. Azərbaycan yığması bu qrupda Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliya seçmələri ilə qarşılaşacaq.
İyulun 31-dən avqustun 9-na kimi Rumıniyanın Tulca şəhərində baş tutacaq turnirdə Azərbaycanın U-18 qızlardan ibarət milli komandası A qrupunda mübarizə aparacaq. Komandamızın seçmə mərhələdəki rəqibləri İslandiya, Portuqaliya, Rumıniya və Niderland olacaq.