- Offside
- 12:58 06.02.2026
“Əl-Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldo bu həftə keçmiş komanda yoldaşı Kərim Benzemanın “Əl-İttihad”dan liqa lideri “Əl-Hilal”a transfer olunmasına sərt reaksiya verib.
90deqiqe.Az xəbər verir ki, "BBC Sport"a danışan Səudiyyə Ərəbistanı Peşəkar Liqasının sözçüsü Ronaldonun iddialarına belə cavab verib:
“Liqa sadə prinsip üzərində qurulub: hər klub eyni qaydalar çərçivəsində müstəqil fəaliyyət göstərir. Transferlər və maliyyə qərarları bütün klublara bərabər tətbiq olunan çərçivə daxilində qəbul edilir. Kriştiano qalib gəlmək istəyən elit idmançıdır, lakin heç bir fərd – nə qədər böyük ulduz olsa da – öz klubundan kənar qərarlara təsir göstərə bilməz”.
Portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) klubları idarəetmə formasından narazı olduğu üçün “Ər-Riyad”la oyunda meydana çıxmaqdan imtina edib və heyətə daxil edilməyib. Hadisə ilə bağlı Səudiyyə Ərəbistanı Peşəkar Liqası açıqlama yayıb.
Qeyd edək ki, həm “Əl-Nəsr”, həm də ölkənin 19 qat çempionu olan “Əl-Hilal” PIF-in nəzarətində olan klublar sırasındadır. Ronaldo isə fondun “Əl-Hilal”a daha çox üstünlük verdiyini iddia edərək etirazını açıq şəkildə ifadə edib.
Ronaldonun bu reaksiyasına səbəb məhz Kərim Benzemanın “Əl-İttihad”dan “Əl-Hilal”a transferi olub. “Əl-Nəsr” isə qış transfer pəncərəsində yalnız İraqın U-23 millisinin yarımmüdafiəçisi Haydər Abdülkərimi heyətinə qatıb.
Hazırda “Əl-Hilal” çempionatda məğlubiyyətsiz irəliləyir və 20 turdan sonra 50 xalla liderdir. Bir oyunu əskik olan “Əl-Nəsr” isə üçüncü pillədə qərarlaşıb və liderdən 4 xal geri qalır.