- Offside
- 20:59 06.02.2026
Azərbaycan İdman Akademiyasında ölkə oxatmasının inkişafında mühüm mərhələ hesab olunan xüsusi ustad dərsləri və məşqçilik təlimi uğurla başa çatıb.
Azərbaycan Kamandan Oxatma Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, iki gün davam edən intensiv proqram Türkiyə kamandan oxatma millisinin baş məşqçisi və Dünya Oxatma Federasiyasının (“World Archery”) məşqçilər komissiyasının sədri Göktuğ Ərginin rəhbərliyi ilə keçirilib.
Təlimin əsas istiqamətlərini dünya standartlarına uyğun müasir atış texnikaları, beynəlxalq təlim metodologiyaları və yarış zamanı tətbiq olunan psixoloji hazırlıq üsulları təşkil edib. İştirakçılar həm nəzəri, həm də praktiki məşğələlər vasitəsilə hədəf seçimi, gərgin atmosferdə fokuslanma və qlobal oxatma dünyasındakı son trendlər barədə ətraflı məlumat əldə edib. Proqramda həm peşəkar oxatanlar, həm də parakamandan oxatma üzrə idmançı və məşqçilərin iştirakı təcrübə mübadiləsinin əhatə dairəsini daha da genişləndirib.
Təlimin sonunda iştirakçıların qazandığı bilik və bacarıqlar yüksək qiymətləndirilib, onlara Göktuğ Ərgin və federasiya nümayəndəsi Kamran Həsənzadə tərəfindən xüsusi sertifikatlar təqdim olunub.
Bu layihənin əsas məqsədi Azərbaycan oxatmasını beynəlxalq standartlara uyğunlaşdırmaq və ölkəmizdə peşəkar məşqçi korpusunu gücləndirməkdir.