7 fevral 2026. Şənbə

Azərbaycan şahmat çempionatının açılış mərasimi keçirilib


  • Offside
  • 20:59 06.02.2026
  • Oxunma sayı: 57
Azərbaycan şahmat çempionatının açılış mərasimi keçirilib

Azərbaycan şahmat çempionatının açılış mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ötən ilin yarışlarının yaddaqalan məqamlarını əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxış edərək ölkədə şahmatın kütləviliyinin artdığını və gənc istedadların üzə çıxarılması üçün bu cür daxili çempionatların böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. O, əlavə edib ki, builki çempionat həm təşkilatçılıq, həm də rəqabət baxımından əvvəlkilərdən fərqlənəcək. Turnirin tanıtım çarxı da tədbir çərçivəsində nümayiş olunub.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan çempionatlarının səviyyəsinin yüksəldiyini, şahmatla məşğul olan gənclərin sayının artdığını vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan Şahmat Federasiyasının gördüyü işlər nəticəsində gənclər arasında bu idman növü daha da populyarlaşıb.

Çempionatda 46 şahmatçı iştirak edir: kişilərdə 30, qadınlarda 16 iştirakçı mübarizə aparacaq. Yarışın ümumi mükafat fondu 92 min manat, kişilər üçün 62 min, qadınlar üçün isə 30 min manat təşkil edir. Çempionatda iştirakçıların təqdimatından sonra püşk atılıb və yarış rəsmi olaraq açıq elan edilib.

Turnir fevralın 22-də yekunlaşacaq, qaliblər isə həm şəxsi reytinqlər, həm də ümumi mükafat fondu üzrə müəyyənləşəcək.

 







Offside