7 fevral 2026. Şənbə

İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib


  • Offside
  • 00:36 07.02.2026
  • Oxunma sayı: 40
İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının möhtəşəm açılış mərasimi təşkil olunub.

90deqiqe.Az-ın məlumata görə, tədbir “San-Siro” stadionunda baş tutub və ölkənin zəngin tarixi, mədəni irsini əks etdirən bədii proqramla yadda qalıb.

Mərasimdə İtaliyanın müxtəlif bölgələrinə xas milli rəqslər, ənənəvi musiqi və Alp dağlarının mənzərələrini əks etdirən vizual kompozisiyalar təqdim olunub. Lazer effektləri, işıq şouları və kütləvi rəqs səhnələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonra iştirakçı ölkələrin idmançılarının paradı keçirilib. Azərbaycan yığması da arenaya daxil olub. Azərbaycan bayrağını fiqurlu konkisürən Vladimir Litvintsev və dağ xizəyi üzrə idmançı Anastasiya Papatoma tribunalar qarşısında daşıyıb. Onların stadiona çıxışı alqışlarla qarşılanıb.

Qeyd edək ki, Olimpiada fevralın 4-də qarışıq cütlüklərin körlinq turniri ilə start götürüb, qadınların hokkey turniri isə 5 fevral tarixində başlayıb. İtaliyada yarışlar 16 idman növü üzrə 116 medal uğrunda keçiriləcək ki, bu da 2022-ci il Pekin Qış Oyunlarından 7 medal çoxdur.

Yeni əlavə edilən növlər sırasında skeleton üzrə qarışıq komanda yarışları, sərbəst xizəksürmə üzrə “moqul” yarışları və digər növlər var, lakin dağ xizəyi üzrə qarışıq komanda yarışları keçirilmir. Xizək alpinizmi isə kişilər və qadınlar sprintləri ilə yanaşı komanda yarışlarını da əhatə edən yeni yarışdır.

Azərbaycan təmsilçiləri yarışlara belə qatılacaq:

  • Vladimir Litvintsev – fevralın 10-da fiqurlu konkisürmə üzrə qısa proqram

  • Anastasiya Papatoma – fevralın 15-də nəhəng slalom (giant slalom), 18-də isə slalom

Bütün yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi Kortina d’Ampezzoda keçiriləcək. Qış Olimpiadası fevralın 22-də başa çatacaq.







Offside