10 fevral 2026. Çərşənbə axşamı

Vladimir Litvintsev XXV Qış Olimpiya Oyunlarında sabah mübarizəyə başlayacaq


  • Offside
  • 14:00 09.02.2026
  • Oxunma sayı: 76
Vladimir Litvintsev XXV Qış Olimpiya Oyunlarında sabah mübarizəyə başlayacaq

İtaliyanın Milan və Kortina d’Ampezzo şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında müxtəlif idman növləri üzrə yarışlar davam edir.

90deqiqe.Az-ın məlumatına görə, Olimpiadada Azərbaycanı təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev sabah ilk yarışına çıxacaq. Milli komandamızın şef-de-missionu Anar Bağırovun verdiyi məlumata görə, idmançımızın qısa proqram üzrə çıxışı Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.

Yarışa hazırlıq prosesi ilə bağlı danışan Anar Bağırov bildirib ki, Litvintsev məsuliyyətli şəkildə mübarizəyə köklənib:

“Vladimir hazırda intensiv və intizamlı məşqlərini davam etdirir. O, gündə iki dəfə – səhər və axşam saatlarında buz üzərinə çıxaraq proqramı üzərində işləyir. Fiziki və psixoloji durumu yüksək səviyyədədir. İtaliyada yerləşən Olimpiya kəndində komandamız üçün bütün zəruri şərait yaradılıb. Sabahkı çıxışı böyük həyəcanla gözləyirik”.

Qeyd edək ki, Vladimir Litvintsev fevralın 13-də sərbəst proqram üzrə də çıxış edəcək. Bundan başqa, Kortina d’Ampezzo şəhərində keçiriləcək dağ xizəyi yarışlarında Azərbaycanı Anastasiya Papatoma təmsil edəcək. O, fevralın 18-də mübarizəyə başlayacaq.







Offside