12 fevral 2026. Cümə axşamı

Qadın güləşi millimiz Tatabanyada beynəlxalq təlim-məşq toplanışına start verdi


  • Offside
  • 22:24 11.02.2026
  • Oxunma sayı: 36
Qadın güləşi millimiz Tatabanyada beynəlxalq təlim-məşq toplanışına start verdi

Azərbaycanın qadın güləşi üzrə milli komandası Macarıstanda təlim-məşq toplanışına start verib.

90deqiqe.Az xəbər verir ki, fevralın 9-da Tatabanya şəhərində başlayan hazırlıq prosesində bir sıra güclü güləş ölkələrinin təmsilçiləri də iştirak edir.

Toplanışa Macarıstanla yanaşı, Litva, Almaniya, Finlandiya, Yaponiya, Rusiya, Braziliya, Türkiyə, Estoniya, İtaliya və Rumıniyadan olan idmançılar qatılıblar. Bu isə hazırlıq prosesinin rəqabət səviyyəsini daha da artırır.

Əsasən taktiki-texniki çalışmaların üstünlük təşkil etdiyi məşqlər baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında keçirilir. Toplanışda Əsmər Cankurtaran və Elnurə Məmmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) iştirak edirlər.

Millimizin Macarıstandakı hazırlıq prosesi fevralın 21-dək davam edəcək. Toplanışın əsas məqsədi qarşıdakı beynəlxalq yarışlara optimal formada hazırlaşmaqdır.







Offside