- Offside
- 20:21 12.02.2026
Azərbaycan əsilli gənc gimnastlar, ABŞ Gimnastika Federasiyasının (USA Gymnastics) və MIG Ritmik Gimnastika Klubunun üzvləri Yasmin Yusifli və Eva Əhmədova Kaliforniya ştatının paytaxtı Sakramentoda keçirilən ritmik gimnastika üzrə yarışda çıxış ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, turnirdə 33 idmançı mübarizə aparıb. 9 yaşlı Yasmin Yusifli və 8 yaşlı Eva Əhmədova Azərbaycan milli musiqisinin sədaları altında öz bacarıqlarını nümayiş etdiriblər. Azərbaycanlı gimnastların zərif milli geyimləri, texniki baxımdan yüksəksəviyyəli, ifadəli və emosional çıxışları böyük maraq və alqışlarla qarşılanıb.
Yarışın nəticələrinə əsasən, Yasmin Yusifli top proqramı üzrə 3-cü yerə layiq görülüb. Bu nəticə onun idman karyerasında növbəti uğur kimi dəyərləndirilib. Soydaşımız bundan əvvəl ardıcıl üç yarışda 1-ci yerin sahibi olub.
Yasmin Yusifli Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) üzvü, Eva Əhmədova isə Kaliforniyada fəaliyyət göstərən Azərbaycan rəqs dərnəklərinin fəal iştirakçısıdır. Onların qazandıqları nailiyyətlərdə məşqçi Antonina İvanyukanın peşəkar yanaşması və davamlı dəstəyi xüsusi rol oynayır.